Tısbağalar Yer kürəsinin ən qədim heyvanlarından biridir. 200 milyon ilə yaxındır ki, onlar mövcuddur və heç bir dəyişikliyə məruz qalmayıblar. Onların bəziləri quruda, bəziləri isə suda yaşayır. Tısbağa həm qədim, həm də ən uzunömürlü heyvandır. Alimlər onların 200-300 il yaşadıqlarını güman edirlər.
Hazırda dünyada 250 növ tısbağa yaşayır. Onların böyük əksəriyyəti otyeyəndirlər. İstini çox sevən dişi tısbağa qumda çala qazaraq yumurtalarını basdırır. Bununla da onların övladlarına qayğısı sona yetir. Tısbağa balaları yumurtadan çıxan andan sərbəst həyat sürməyə başlayırlar. Balalar əvvəl çox sürətlə böyüyürlər. Sonra sürət tədricən azalır. Amma maraqlısı budur ki, böyümə bütün həyatları boyu davam edir.