Neft qiymətləri kəskin ucuzlaşır: Brent 62 dolların altına düşüb

  • 09.04.2025
  • 0

Londondakı ICE birjasında 2025-ci ilin iyun ayı üçün Brent markalı neftin fyuçers qiyməti 7 aprel 2021-ci ildən bəri ilk dəfə 62 dollar/bareldən aşağı düşərək 61,78 dollar/barelə enib. WTI neftinin may fyuçersləri isə 58,57 dollar/barelə ucuzlaşıb. Son həftədə Brent qiymətləri 75 dollardan 65 dollara düşüb.

Səhər saatlarında neft qiymətləri bir qədər bərpa olunaraq Brent 65,05 dollar/barel, WTI isə 61,57 dollar/barelə yüksəlib. Azərbaycanın “Azeri Light” neftinin qiyməti 68,14 dollar/bareldir. Lakin son üç sessiyada qiymətlər son dörd ildəki ən aşağı səviyyələrə çatıb.

Ucuzlaşmanın səbəbi ABŞ prezidenti Donald Trampın 185 ölkədən idxala rüsumlar tətbiq etməsi ilə bağlı qərarıdır ki, bu da qlobal ticarət müharibəsi və ABŞ-da tənəzzül təhlükəsi yaradır. Goldman Sachs tənəzzül ehtimalını 45% qiymətləndirir və “ekstremal” ssenaridə Brent qiymətlərinin 2026-cı ilin sonunda 40 dollar/bareldən aşağı düşə biləcəyini proqnozlaşdırır. Bank 2026-cı il üçün Brent üçün orta qiyməti 58 dollar, WTI üçün isə 55 dollar kimi müəyyənləşdirib.

Bazara təzyiqi artıran digər amillər Saudi Aramco-nun neft qiymətlərini azaltma planları və OPEC+-ın hasilat məhdudiyyətlərini ləğv etməyi sürətləndirməsidir. Çinin ABŞ-ın yeni tariflərinə cavab tədbirləri və Aİ-nin ABŞ mallarına 25% rüsum təklifi də vəziyyəti gərginləşdirir.

Nə düşünürsən?